İntihar son çıxış yolu deyil...

https://azertag.az/files/galleryphoto/2017/3/1000x669/1513290590452425900_1000x669.jpg

Həyat insana Allah tərəfindən verilmiş ən böyük nemətdir. İslam dininə görə, əsas haqlar istifadəsi müəyyən şərtlər çərçivəsində insana əmanət edilən haqlardır. İnsanın bu haqları istədiyi kimi, istədiyi yöndə dəyərləndirmək hüququ yoxdur. Həyat haqqı da belədir.

maraqli.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər dekabrın 14-də Masallı şəhərindəki Gənclər Mərkəzində “Yeniyetmə və gəncləri intihara aparan yollar, özünəqəsdin sosial-psixoloji amilləri və dini radikalizm” mövzusunda keçirilən maarifləndirici tədbirdə səsləndirilib.

Masallı Rayon Gənclər və İdman İdarəsi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kollecin müəllim-tələbə heyəti, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Maarifləndirici tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov və kollecin metodisti Baba Həsənov yeniyetmələr və gənclər arasında baş verən intihar hadisələrinin cəmiyyətdə böyük narahatçılıq yaratdığını bildiriblər.

Qeyd olunub ki, yeniyetmələr və gənclər arasında intihar hadisələrinin başvermə səbəbi psixoloji dözümsüzlük və iradə zəifliyi, maddi-mənəvi sıxıntılar və digər amillərlə bağlıdır. Məhz bu cür yanaşmalar səbəbindən gənclərin müəyyən bir qismi depressiyaya düşür və nəticədə onların intihar etmək riski daha çox olur.

Diqqətə çatdırılıb ki, intihar son çıxış yolu deyil. Çətinliklərə sinə gərmək, iztiraba, kədərə səbir etmək, şərait nə qədər ağır olsa da, inamı itirməmək hər bir insanın xarakteri və prinsipi olmalıdır.

Sonra “Qırılan ömürlər” adlı sənədli film nümayiş olunub.

https://azertag.az/files/galleryphoto/2017/3/1000x669/15132905904389911501_1000x669.jpg
loading...